1 2 3 4 5 6 7 8 9

III FƏSİL XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ “TÜRK DİLİ”, “AZƏRBAYCAN TÜRKCƏSİ” VƏ “AZƏRBAYCAN DİLİ” ANLAYIŞLARININ FUNKSİONAL PARALELLİYİ

səhifə5/9
tarix24.05.2018
ölçüsü0.73 Mb.

III FƏSİL


XIX ƏSRİN SONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ “TÜRK DİLİ”, “AZƏRBAYCAN TÜRKCƏSİ” VƏ “AZƏRBAYCAN DİLİ” ANLAYIŞLARININ FUNKSİONAL PARALELLİYİ


1. Əli bəy Hüseynzadənin “türkcə”si

XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanda, ümumən türk dünyasında ideoloji intibah dövrüdür: bir tərəfdən, türk xalqlarının milli müstəqillik uğrunda mübarizəsi güclənirsə, digər tərəfdən, inteqrasiya idealları geniş vüsət alır.

Bu, özünü bütövlükdə “ana dili”nə , eləcə də onun necə adlandırılmasına münasibətdə də göstərir. Ümumi mənzərə belədir ki, “Azərbaycan dili” mənasında “türk dili (türkcə)”, “tatar dili”, “müsəlmanca”, “Azərbaycan türkcəsi” ilə yanaşı ara-sıra “Azərbaycan dili” linqvonimi də işlənməyə başlayır.

Azərbaycanda, ümumən türk dünyasında türkçülük ideologiyasının təşəkkülündə çox böyük xidmətləri olmuş Əli bəy Hüseynzadənin “Azərbaycan dili” anlayışı barədə təsəvvürünün aydınlaşdırılması xüsusilə ona görə maraqlıdır ki, görkəmli publisist-mütəfəkkir həmişə bu cür məsələlərə ümumtürk mövqeyindən yanaşmış, prinsip etibarilə, ortaq dəyərlərə əsaslanmışdır.

“Həyat” qəzetinin ilk nömrəsinə (1905, N1) yazdığı “Qəzetimizin məsləki” adlı proqram xarakterli baş məqalədə Əli bəy Hüseynzadə qeyd edir ki, “bir vaxtlar Şərqdə milləti-islam beynində ərəb və fars dilləri ülum və maarifə alət bulunmuş olduğundan ərəb və fars qövmləri xeyli tərəqqiyati –iqtisadiyyəyə və ictimaiyyəyə malik oldular. Bu gün isə ülum və ədəbiyyat türk dilində olmaq üzrə tərəqqiyə başlamış olduğundan ümum şərqdə maarifin ən gözəl vasiteyi-intişarı türk lisanı olmuşdur” (47, s.36).

Həmin illərdə dil, eləcə də onun adı məsələsi ciddi problemlər yaratdığına görə Ə.Hüseynzadə bu məsələyə bir neçə dəfə müdaxilə etmiş, öz elmi-ideoloji mövqeyini bildirmişdir. “Qəzetəmizin dili haqqında bir neçə söz” məqaləsində (“Həyat” qəz., 1905, N 7) o yazır:

“Bizəmi qəzetəmizin dilini sadələşdirmək, yoxsa cəmaətimizəmi öz ana dili olan türkcəyi öyrənmək lazımdır? Budur məsələ!.. Rəyimizə görə, yazdığımızdan daha sadə, Qafqazda söylənən şivələrə daha müvafiq bir surətdə yazmaq mümkün deyildir... Çünki hər hansı şivəyi ayrı-ayrı ələ alsaq, hər birində bir nöqsan görürüz... Bakı şivəsi iləmi yazaq? Yazarsaq, qorxuram ki, qeyri-türklər içində, türkcəyi yaxşı bilən türklər içində rüsvay oluruz!..”

Ə.Hüseynzadənin fikrincə, XX əsrin əvvəllərində iki türkcə mövcuddur ki, onlardan biri “türkiyi-qədim” , ikincisi isə “türkiyi-cədid”dir. “Türkiyi-cədid artıq türkiyi-qədim deyildir. Türkiyi-qədim üzrə yazmağa qalxışsaq, heç kimsə sözümüzü anlamaz. Məsələn, Mir Əlişir Nəvai kimi desəm ki, uçmaq içrə həyat tapğaylar tamuğdan nəcat tapğaylar, “uçmağ”ın behişt, cənnət və “tamuğ”un cəhənnəm, duzəx olduğunu içimizdə anlayan olacaqmı?.. Şübhəsiz, xeyr! Nə üçün? Çünki bugünkü dilimiz türkiyi-cədiddir” (47, s.39).

Müəllif “türkiyi-cədid” deyəndə hansı türkcəni nəzərdə tutur?... “Türkiyi-cədid isə bir tərəfdən dini-islamın, bir tərəfdən də vüquati-tarixiyyənin təsirilə ərəb və farsdan çox kəlmələr alıb müruri-zamanda bu iki dil ilə o qədər ülfət etmişdir ki, artıq onların xəzaini-lüğəviyyəsini özünə mal eləmişdir” (47, s.39).

Ruslar tədricən Qafqaz türkləri mənasında “Qafqaz (yaxud Zaqafqaziya) tatarları”, onların türkcələri mənasında isə “tatar dili” ifadələrinə üstünlük verməyə başladılar. Ə.Hüseynzadə buna öz kəskin etirazını bildirərək yazır:

“Tatar” istilahı mübhəm, qeyri-müəyyən, qeyri-fənni olduğuna və ancaq avampəsəndanə və cahilanə bir surətdə istemal edilməkdə bulunduğuna binaən türkoloqlar (üləmayi-əhvalşünasani-ətrak) fiyövmən bu istilahın ortadan götürülməsi tərəfdarıdırlar. Çünki tatar ləfzi mənayi-həqiqi əslisindən başqa üç-dörd məna ilə daha istemal olunur ki, kaffəsi yanlışdır. İbtida bu yanlış olanları mütaliə edəlim. Bəzi əski müvərrixin və müstəşriqin hər iki istilahı (türk və tatar ləfzlərini) həmməna və yekdigərinin təmamilə müradifi kimi tələqqi etmişlərdir ki, bunun külliyyən yalnış olduğu aşkardır. Digərləri ələlxüsus əski fransız müəllifinin bir qismi öylə zənn etmişlərdir ki, guya moğol, tunğuz mancu, tibetli, türk və sairə həp fürutdan olub ümuminə “tatar” deyilir, yəni tatar istilahı guya qayət şümullu olub türk, moğol və sairəyi mühit və şamildir. İştə bu növ yanlışlıq nəticəsidir ki, Değin (Deguignes) nam müvərrix əsərinə şöylə bir ünvan vermişdir: “Historie generale des huns des Turcs, des Magoles et des autres Tatares” (47, s.47).

Ə.Hüseynzadənin fikrincə, “səhvən tatar denilən türklər bərvəchi zir üç böyük şöbədən ibarətdir:

1) Sibiriyanın vase səhralarında yüzlərcə müxtəlif namlar təhtində yaşayan qəbail və əşair ki, başlıca vaxtidə Qızıl Orda hökumətini təşkil edən qıpçaq türklərinin nəslindən münşəəbdirlər.

2) Rusiyayi-Avropayı türkləri. Bunlar ya qazanlılar kibi qıpçaq nəslindən elmi-bəşər nöqteyi-nəzərindən “braxisəfal” olub qismi-əzəmin çöhrəsi avropalılara məxsus çöhrədir, ya krımlılar kimi noğay və sair qədim türklərin əhfadıdırlar.

3) Qafqaziyanın əhvari-mücavirə tərəfindən səhvən tatar təsmiyə olunan türkləri də bunlardır. Qafqaz silsiləyi-cibalının cəhəti-cənubiyyəsində sakin Azərbaycan türkləri ki, şirvanlı, bakılı, qarabağlı, gəncəli, irəvanlı və sairədən ibarətdir (İranın şimali-qərbi səkənəsi də bunlardandır) və məzkur silsiləyi-cibalın cəhəti-şimaliyyəsində sakin noğay, bulqar, bir qismən ləzgilərə qarışan kumuk və zahirən xeyli çərkəslərə bənzəyən və adətən çərkəsləşmiş bulunan “kabarda” və ilaxir” (47, s.49).

Göründüyü kimi, Ə.Hüseynzadə nəinki türk dünyası miqyasında, Qafqaz regionunda da Azərbaycan türklərini bir bütöv olaraq fərqləndirir. Lakin dil məsələsinə gələndə yenə də ümumtürk ədəbi dili mövqeyində dayanır və onun ən normativ, mükəmməl təzahürü olaraq türkcənin İstanbul “ləhcə”sini qəbul edir.

Türkçülük-turançılıq ideyası imperialist bölücülüyü dövründə türklər üçün ümumiyyətlə mütərəqqi hadisə olsa da, dil birliyi uğrunda aparılan mübarizə ona görə ciddi bir nəticə vermədi ki, artıq türk dilləri bir-birindən xeyli ayrılmış, nəinki müstəqil və ya yarımmüstəqil varlıqları, hətta öz xüsusi adları ilə tarix səhnəsinə çıxmışdı.

Ə.Hüseynzadə “türk” anlayışı ilə bağlı başqa bir problemə də diqqəti yönəldir:

“Əhvali-qövmiyyeyi-ətrakə aşina olan üləmanın ən mötəbərləri bir qələti-tarixi nəticəsi olan “tatar” təbirini rədd edib bu nam təhtində zikr olunan türklərin şək və şübhə qalmayacaq surətdə türklüklərini isbat eləmiş bulunduqlarından bəzi Germaniya (alman) ətrakşünasını daha ziyadə ərəb, fars və Avropa təsirati-irqiyyə və lisaniyyəsinə məruz bulunmuş və guya bu surətlə türklükdən bir dərəcə təbaüd etmiş bulunan qərb, yəni osmanlı türklərini bərikilərdən təfriq üçün fəndə başqa bir istilah icadına qalxışdılar. Məlumdur ki, Türkiyədə beynülam ruslara Moskov deyildiyi kibi, rus əhalisi beynində də osmanlılara türk ləfzindən qələt olaraq “turok”, ya “türk”deyilir. İştə, bəzi alman üləması türk namını baladə tedad edilən ətrakla Asiyaya-vüstadəkilərə təxsis edib osmanlı türklərinə isə “türk”, yaxud “turok” isim verilməsini təklif elədilər. Fəqət böylə bir təklif bizzat osmanlı türkləri tərəfindən gülünc olacağı kibi üləmanın ümum beynində dəxi əsla şayani-qəbul görünmiyor. Hətta Rusiyanın ən ciddi əhvali-əqvami-aləm və müvərrixləri fənni-həqiqi namına bu fikrə şiddətlə etiraz etdilər. Zatən, alman alimlərinin böylə iki istilah icadı lüzumuna göstərdikləri səbəb də çox zəif, hətta qeyri-məquldur. Çünki bu gün türk əqvamının cümləsi osmanlılar kimi ərəb, fars və sairənin təsiratı-irqiyyə və lisaniyyəsinə məruz olmuş bulunuyorlar” (47, s.50).

Lakin həmin fərqləndirmə bu günə qədər davam edir.


2. Məhəmməd ağa Şahtaxtlının “ana dili” anlayışı


“Azərbaycan dili” anlayışının təşəkkülü tarixində böyük xidmətləri olan ziyalılardan biri Məhəmməd ağa Şahtaxtlı (Şahtaxtinski) idi. Hələ 1891-ci ildə “Kaspi” qəzetinin 93-cü nömrəsində çap olunmuş “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” məqaləsində yazırdı:

“Yaxın zamanlara qədər Zaqafqaziya islam əhlini rus dilində müsəlman adlandırırdılar. Bu anlayış altında təkcə islam dininə sitayiş edənləri yox, ümumiyyətlə türk dilində danışan Rusiya Zaqafqaziyasının əhalisini nəzərdə tuturdular. Dinlərinə görə ruslar tərəfindən xalqın belə adlandırılması müsəlmanların özlərindən qaynaqlanır. Çünki onlar indiyə qədər milli dil və din anlayışlarını itirib, öz xalqlarını və öz dillərini müsəlman adlandırırdılar” (78, s.28).

M.Şahtaxtlı məsələyə belə bir aydınlıq gətirir:

“Son vaxtlar Zaqafqaziya müsəlmanlarına onların dinlərinə görə yox, xalqlarına görə ad verməyə çalışaraq, Zaqafqaziya islam əhlini Qafqazda rus dilində tatar adlandırmağa başlamışdılar. Amma bu yeniliyi heç cür uğurlu hesab etmək olmaz.

Zaqafqaziya məhəmmədilərinin danışdığı dil tatar dili deyil, türk dilidir ki, o da öz növbəsində əsas dialektlərə ayrılır: osmanlı, səlcuq və azərbaycanlı türkcələri” (78, s.28).

Əlbəttə, bugünkü türkoloji baxışlar, eləcə də terminologiya səviyyəsindən bu mülahizələrlə mübahisə etmək olar, ancaq o dövr üçün, doğrudan da, kifayət qədər yeni, əsaslandırılmış qənaətlərdir ki, M.Şahtaxtlının peşəkar dilçi təfəkküründən irəli gəlir.

“Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” məqaləsinin müəllifinin yekun sözü bundan ibarətdir:

“Zaqafqaziya müsəlmanlarını azərbaycanlılar, onun dilini isə Azərbaycan dili adlandırmaq çox yerinə düşərdi. Böyük bir hissəsinin İrandan Rusiyanın payına düşmüş Adərbedcan (Azərbaycan) mahalı-indiki Zaqafqaziyadır, əhalisi də türk xalqıdır...

... Gündəlik həyatımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn, azərbaycanlı türk və yaxud aderbedcanlı türk dili.

Ona görə də Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədə uyğun olardı” (78, s.29).

M.Şahtaxtlının bu məqaləsini “azərbaycanşünaslığın ilk elmi bünövrəsi, azərbaycançılığın ilkin minimum proqramı” (78, s.22) adlandıran İ.Həbibbəyli tamamilə haqlıdır.

M.Şahtaxtlı özünün “Şərqi-rus” qəzetinin 16 aprel 1903-cü il tarixli nömrəsində xalqa müraciət edərək deyirdi:

“Dilimizi, dinimizi, dünyada nəslimizin bəqasını sevən qeyrətli müsəlman qardaşlar, hər sinifdənsiniz, millətin nikbəxtliyinə vəqf olan bu mütəvaze qəzetimizin intişarına kömək eləyin! Eləməzsiniz, qəzet əldən gedər. Əldən gedərsə, özü ilə bərabər dilimizi də aləmi-fənayə aparıb, biz türkləri bəhayim halında qoyar” (78, s.73).

Göründüyü kimi, burada müəllif daha kütləvi anlayış-adlara müraciət edir: müsəlman qardaşlar, millət, biz türklər, dilimiz, dinimiz və s. Bu isə, şübhəsiz, üslubdan – müraciətin milli hisslər oyadan məhrəm xarakterindən irəli gəlir ki, müəllif istər dilin, istərsə də xalqın adında elmi konseptuallığı (Azərbaycan xalqı, Azərbaycan dili) gözləməyi ehtiyac duymur.

M.Şahtaxtlının “Şərqi-rus”da çap olunmuş məşhur “Hər gün bir az” məqalələr silsiləsindən biri (29 avqust 1904, N 148)” bu dəfə dilimizdən danışacağız” cümləsilə başlayır.

Müəllif yazır:

“Rusiyada yaşayan müsəlmanların çoxusu türk və tatar qövmünə mütəəlliqdir. Türk dili ki bu qövmlər danışırlar, ümdə iki qismə bölünür:

Biri şərqi, biri qərbi. Şərqi türkcəsi cığatay dilidir ki, onun ilə Qazan türkcəsinin arasında fərq pək azdır. Hər ikisi bir dildir, bir ləhcədir...

...Qərbi türkcə Osmanlı ilə Azərnbaycan türkcəsidir. Osmanlı türkcəsilə Azərbaycan türkcəsinin arasında, demək olar ki, heç bir fərq yoxdur” (78, s.197).

Dil-danışıq faktlarını müqayisə edərək davam eləyir:

“İndi biz “gedir” və “gedirik”i Azərbaycan dili hesab edib, bunlardan fərqli olan tələffüzləri Azərbaycan dilinin xaricində hesab etsək, istanbullunun “gediyor” və “gediyoruz”u ilə bərabər, marağalının “gediri” və təbrizlinin “gedirux”unu dəxi Azərbaycan dilinin xaricində hesab etməli olacağız ki, burası namümkündür” (78, s.197).

M.Şahtaxtlı bununla da kifayətlənməyib türkləri birləşdirən ümumi ədəbi dildən də bəhs edir:

“Bizim Azərbaycan dilimizin eyni olan Osmanlı dili ədəbiyyatının sərvəti sayəsində Qazan və Cığatay türkcəsi ilə qonuşan həmlisanlılarımız arasında da ədəbi dili, kitab dili, maarif və diyanət dili olmuşdur. O tərəflərdə üləma silki-cəlilindən və ya sadə maarif-məndandan olsun kamallı və tərbiyəli müsəlman mütləq osmanlıca oxur, yazır. Əsasına baxılarsa, Qazan və İstanbul türkcələri də bir dildir, iki deyildir ki, bu xüsusda Avropa şərqşünaslarının hamısı mötəqiddirlər” (78, s.198).

Müəllif, əslində, belə bir dilin artıq mövcud olduğunu göstərib yazır:

“Bu dil osmanlı dilidir ki, azərbaycancanın eynidir. Bu dil azərbaycancadır ki, osmanlıcanın eynidir. Azərbaycan osmanlısıdır və ya osmani azərbaycanlısıdır. Bir sözlə, türkcədir. Bu türkcəni bir az intizamla işlətsək, az vaxtda gözəl ümumi bir dil olur ki, rusca, ingiliscə, ərəbcə kimi insanların fikir alveri üçün mükəmməl bir alət olur” (78, s.198).

“Azərbaycanda darülfünun” (“Azərbaycan” qəzeti, 28 iyul 1919-cu il) məqaləsində M.Şahtaxtlı göstərir ki, yeni açılacaq Universitetdə təhsil hələlik rus dilində olsa da, çalışmaq lazımdır ki, tezliklə xalqın öz dilində, yəni türkcə olsun. Eyni zamanda türkcənin nə dərəcədə dəyərli dil olduğunu sübut etmək üçün maraqlı bir hadisəni yada salır:

“Bir qaç sənə bundan əvvəl Avropa lisanə şünasları içində küll çahan üçün ümumi və yeganə lisandan istifadə olunmaq məsələsi ortaya böht olunduğu sərədə addım atıldığı vaxt şərqşünaslardan bir alim o fikri verdi ki, ümum növbəşər üçün yeganə bir lisan olmaq üzrə türk lisanı qəbul olunsun. Çünki türk lisanının qəvaidi hamı lisanlardan ziyadə müntəzəm və mütərəddiddir” (78, s.218).

M.Şahtaxtlı Azərbaycan Cümhuriyyəti dövründən etibarən yazdığı məqalələrdə “Azərbaycan dili” anlayışını, bir qayda olaraq, “türkcə”, “türkcəmiz” və “dilimiz” sözlərilə ifadə etmişdir. Məsələn, 28 oktyabr 1923-cü il tarixli “Yeni yol” qəzetində çıxan məqaləsi “Türkcəmizi həqiqətdə türkcə etmək” adlanır (78, s.226).

“Şərqi-rus”un Bakıya köçmək xəbəri yayılanda Bakıda rusca çıxan “Kaspi” qəzetində Əlimərdan bəy Topçubaşovun “Bakıda tatar dilində qəzet” başlıqlı məqaləsi (Kaspi, N 18, 23 yanvar 1905-ci il) dərc olunur ki, həmin məqalədə deyilir:

“İnanıram ki, bizim günlərdə də savadlı müsəlmanların çoxu 1875-1877-ci illərdə Bakıda, “Kaspi” əməkdaşı Həsən bəy Məlikovun nəşr etdiyi “Əkinçi” qəzetini yaxşı xatırlayırlar. Zənnimcə, onlar adı çəkilən qəzetin bəzi yazılarının məzmununu ötəri də olsa yada salmaqla Qafqaz müsəlmanlarının içərisinə düşdüyü durğun, iylənmiş bataqlığın qısa müddətdə necə hərəkətə gəldiyini, anadilli mətbu nəşrin canlı, həqiqi sözlərinin müsəlman kütləyə necə oyadıcı təsir göstərdiyini göz önünə gətirə bilərlər. Tiflisdə biribirinin ardınca meydana çıxan digər tatar qəzetlərinin - “Ziya” və “Kəşkül”ün ictimai fikrə, təəssüf ki, çox da güclü sayılmayacaq təsiri də yaddaşlardan silinməyib. Əlbəttə, öz növbəsində həmin qəzetlər cənab Ünsizadənin deyil, nisbətən daha bacarıqlı adamların əlinə düşsəydilər, gətirdikləri fayda da böyük olardı” (82).

Müəllif “Tərcüman”ın tarixi xidmətlərini yada salaraq davam edir:

“Bizim qəzetimiz (“Kaspi” nəzərdə tutulur - V.Q.) “Tərcüman”ın müsəlmanların tərəqqisinə göstərdiyi son dərəcə səmərəli təsirə öz səhifələrində indiyə qədər az yer ayırmayıb. Odur ki, təkrara yol verməyəcək və yalnız bu cəhətinə diqqət yetirəcəyik ki, müxtəlif bölgələrdə yaşayan, vahid türk-tatar köklərinə malik qohum xalqların maraq və mənafeyini qorumaq kimi mürəkkəb vəzifə yalnız bir mətbu orqanın öhdəsindən gələ biləcəyi iş deyildi.

Lakin buna baxmayaraq dörddə bir əsrə yaxın müddət ərzində Krımda çıxan qəzet tatar dilində (ruscaya tərcüməsi ilə birlikdə) yeganə kütləvi nəşr kimi qalmaqda davam etmişdi.

...Ana dilli qəzet nəşri məsələsində yalnız bu son vaxtlarda Məhəmməd ağa Şahtaxtinskinin bəxti gətirib.

Cənab Şahtaxtinskinin tatarca qəzet nəşrinə icazə alması xəbərini sağlam düşüncəyə malik bütün müsəlmanlar sevinclə qarşıladılar” (82).

Göründüyü kimi, Ə.Topçubaşov rusdilli ənənəyə uyğun olaraq “türk dili”ndən yox, “tatar dili”ndən bəhs edir.


3. Cəlil Məmmədquluzadənin “ana dili” anlayışı


XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda milli özünüdərk hərəkatının güclənməsi və nəticə etibarilə, azərbaycançılıq ideologiyasının təşəkkülü “Azərbaycan”, “Azərbaycan xalqı” və “Azərbaycan dili” anlayışlarının dəqiqləşməsinə, heç şübhəsiz, həlledici təsir göstərdi. Bu möhtəşəm hərəkatın önündə gedənlərdən biri Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) idi.

XX əsrin əvvəlləri Azərbaycan ictimai fikrinin ümumi mənzərəsini, eləcə də dialektikasını Mirzə Cəlilsiz təsəvvür etmək mümkün deyil. Onun uzun illər rəhbərlik etdiyi “Molla Nəsrəddin” jurnalı (və ədəbi məktəbi) ölkədə mövcud olan ən müxtəlif problemlərə, o cümlədən ana dili məsələsinə həm praktik, həm də nəzəri-ideoloji olaraq həmişə fəal münasibət göstərmişdir.

C.Məmmədquluzadə yaradıcılığının görkəmli tədqiqatçısı İsa Həbibbəyli yazır:

“Cəlil Məmmədquluzadə bədii-ictimai fikirdə azərbaycançılıq ideologiyasının əsas yaradıcılarından biri, böyük Azərbaycan idealının Məcnunu və mücahididir. Demokrat ədibin yaradıcılığı dərin mənalı və həyəcanlı bir Azərbaycannamədir” (57, s.25).

M.Cəlil “Molla Nəsrəddin” jurnalının ilk nömrəsinin (7 aprel 1906-cı il) baş məqaləsində yazırdı:

“... Sözümü tamam etdim, ancaq bircə üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi:



  • Bala, ağlama, xortdan gələr, səni aparar! - Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib, ağlamaqdan sakit olurdunuz.

Hərdənbir ana dilini danışmaqda keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!” (58, s.4).

M.Cəlil sonralar qələmə aldığı “ Xatiratım”da dil məsələsinin jurnalın elə ilk nömrələrindən başlayaraq strateji xarakter daşıdığını göstərərək yazır:

“Necə ki oxucularımıza məlumdur, biz “Molla Nəsrəddin” məcmuəsini açıq ana dilində yazmağa başladıq. Biz bu dilə o səbəbdən ana dili adı qoyuruq ki, bu dildə yazı yazanda və ortalığa “ana” söhbəti gələndə biz “ana”nı, “ana” da yazırıq, amma qeyri yazıçılarımız , xah o vədə və xah indi yazılarında “ana” ləfzi rast gələndə, “ana” sözü əvəzinə “madər” yazırlar və həmçinin “ata” sözü əvəzinə “padər” yazırlar. “Ana”nı “madər” yazanlar və “ata”nı “padər” yazanlar, dəxi qeyri türk sözlərini də habelə səbəbsiz yerə fars və ərəb sözünə dəyişirlər. Belə ki, “nəvə” yerinə “həfid”, “ehfad” yazırdılar və yazırlar. Və “ata-ana” sözünə cızıq çəkib “ valideyn” yazırdılar və yazırlar. Hətta hər gün yediyimiz “çörəyi” bəyənməyib “nan” yeyirdilər və indidə yeyirlər. Və necə sözləri bir-bir dəyişdirirdilər və indi də dəyişdirirlər, habelə türk dilinin tərkiblərini və qanunlarını kənara qoyub, fars və ərəb tərkibləri və qanunlarını işlədirdilər və indi genə işlədirlər” (60, s.72).

Göründüyü kimi, Mirzə Cəlil “ana dili”ni ardıcıl olaraq “türk dili” adlandırır və onu Türkiyə türkcəsindən fərqləndirməklə yanaşı, türk dilləri barədəki mülahizələrini də söyləyir:

“Məlumdur ki, bu ibarəli yazmaq şivəsi bizə Türkiyədən keçibdir və osmanlı ədəbiyyat tarixinə aşina olanlar bilirlər ki, Türkiyədə qədimül-əyyamdan osmanlıların yazıları ərəb dilinə o qədər yavıqdır ki, əgər orada “iştə”, “şu” və “dır”, “lar” olmasa, osmanlı dilini ərəb dilindən seçmək olmaz. Osmanlının məşhur və müqtədir şairlərinin qəliz yazmağı, ibarəli yazmağı zərbülməsəl olubdur.

Biz molla nəsrəddinçilər dil barəsində yuxarıda bir neçə ibtidai sözlər deyib buna iktifa etmirik və dil barəsində ümumiyyətcə fikrimizi bir bu qədər müxtəsər bəyanatla məhdud etmək istəmirik. Biz bu əqidə deyilik ki, o dil ki biz onunla “Molla Nəsrəddin”i meydana gətirib və onunla da məcmuə yazmağa iqdam etmişik - bu dil ümumtürk xalqı üçün arzu etdiyimiz bir dildir. Bizim türk tayfaları üçün ümumi bir dil, ədəbi bir dil mühüm məsələlərin biridir və hətta-elə zənn edirəm ki, -ümum türklər üçün, ümum bir dil yaratmaq və bir imla yazmaq onlar üçün, təzə əlifba yaratmaqdan çətindir. Vaqeən, necə olsun? Bu ola bilərmi ki, Naxçıvandan birisi çıxıb başlasın Naxçıvan şivəsinə yavıq bir dildə yazsın, məgər bu dili naxçıvanlılardan başqa uzaq bir ölkələrin türk camaatı oxumayacaq? Habelə qeyrilərin şivəsi. Hələ tək birci Qafqaz türkləri üçün ümum bir dil məsələsinin həlli genə səhldir, pəs osmanlı türkləri, pəs Krım və Qazan tatarları, pəs Türküstan və Özbəkistan, pəs İran azərbaycanlıları? Pəs biz bunu etiraf edirik ki, əvvəl-axır türk kütlələri üçün ədəbi dil və ümumi imlaya çox böyük ehtiyac vardır.Və etiqadımız da bundadır ki, bir belə dil gec-tez vücuda gələcəkdir (60, s.72).

Mirzə Cəlil “Molla Nəsrəddin”in dilinin, əslində Azərbaycan türkcəsinin sərhədlərini aşağıdakı şəkildə müəyyənləşdirir:

“Molla Nəsrəddin”in dilinə gəldikdə, burada məsələ bambaşqadır. “Molla Nəsrəddin” min doqquz yüz altıda Tiflisdə təşkil olundu. Tiflis, Qafqazın mərkəzi şəhəri və Qafqaz hökumətinin paytaxtıdır. Habelə bu şəhər Qafqaz türklərinin mərkəzi hesab oluna bilər. Həqiqətdə də belədir. Tiflisdən Naxçıvana və Ordubada da əl yetirmək olur; Qafqaz və Bakı, Batum şəhərinin də arasındadır. Buradan Culfaya və orada Araz nəhrini keçib bir günə İran Azərbaycanının mərkəzi və paytaxtı olan Təbrizə gedib çatırsan. Bakıdan Xəzər dəryasını bir gündə ötüb Türküstanın Aşqabad və Mərv və qeyri yerlərinə xəbər yetirmək mümkündür. Dağıstan da bu yavıqdadır. Tiflisdən Bakı təriqilə on iki saatlıq dərya səfəri bizi İranın Gilan məmləkətinə yetirir.

Bu saydığımız cəmi ölkələr və şəhərlərdə yaşayan türklərin danışdığı, haman biz danışdığımız türkcədir. Və həmin min doqquz yüz altıda, aprelin altısında “Molla Nəsrəddin”in açıq ana dili ilə yazdığımız mətalibi onlar açıqca başa düşdülər; elə asand vəchlə başa düşdülər ki, dəxi bu dildən başqa qeyri bir dil axtarmağa hacət qalmadı” (60, s.73).

M.Cəlil fikrini belə yekunlaşdırır:

“...Əlbətdə, bu dil ki biz onunla “Molla Nəsrəddin”i yazırdıq, o dili biz ümum türklər üçün ədəbi bir dil hesab etmək fikrində deyilik və bu da bizə heç lazım deyil; bizim məqsədimiz hal-hazırda öz fikrimizi asan bir dillə Azərbaycan türklərinə və bəlkə də, sair türklərə asan bir dillə yetirmək idi. Zənn edirəm ki, yetirdik də.

O vədə cəmi türk kütlələri üçün ümumi və ədəbi dil məsələsi bizi məşğul eləyə bilməzdi, çün hərənin bir məqsədi və şüarı olan kimi, bizim də şüarımız dil yaratmaq deyildi, ancaq dərdi-dilimizi hal-hazırda camaat başa düşən dildə ona yetirmək idi, necə ki, yetirdik. Yetirirdik də və cavab da alırdıq ki, sonra hədd və hesabsız müxbirlərin əks-sədası bu sözümüzə bir şahid oldu” (60, s.74-75).

Mirzə Cəlil “türk dili” anlayışına həm ümumi, həm də diferensial baxırdı ki, bu dövrün səciyyəvi xüsusiyyəti idi. Eyni zamanda bir sıra türk xalqlarının “tatar” adlandırılması məsələsinə də diqqət verir:

“Tatarlar ana dilində yazdığı qəzetləri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.

Tatar qəzetlərinin biri İran barəsində söhbət açıb bir yerdə belə yazır:

“Persiyada camaat şaxdan nedavolnudur”, yəni istəyir desin ki, “İranda camaat şahdan narazıdır”.

Yazıq bizim dilimiz: Qafqaz ədiblərimiz “ana” əvəzinə “madər” yazırlar, tatar qəzetçilərimiz də “İranı” “Persiya” yazırlar.

Və bunların adını da qoyurlar “ana dili”. Yazıq analarımız nə “madər” eşidiblər, nə də “Persiya”. Bəli...” (58, s.263).

Mirzə Cəlilin təfəkküründə dil anlayışı onun demokratik dünyagörüşünə tabedir. Ona görə də hər hansı dil olursa olsun onun qəliz təzahürünə ironiya ilə yanaşmışdır:

“...Və bir də doğrudan “eyib”dir, sadə yazmaq “eyib”dir. Açıq yazmaq savadsızların peşəsidir və tarixdə də görürük ki, böyük alim və mütəşəxxis adamlar sadə yazmağı eyib tutublar. Katolik papaları deyirmişlər ki, “dil sadə və açıq olsa-fəsih olmaz”; rusun qədim yazıçıları yazı yazanda elə bir kəlmə və ibarətlər tapıb işlədirlər ki, xoruz səsi eşitməmiş olsunlar. Rusun qədim şairi Derjavinin şeirlərini indi adam oxuyanda elə bilir ki, guya bu sözlər göydən yerə düşüblər.

Amma aylar və günlər dolandı,- axırda nə bilim puşkinlər, jukovskilər dili lap xarab elədilər; elə sözlər yazdılar ki, kəndlilər də başa düşürdülər.

Bəli, keçək öz işlərimizə.

Mən yenə deyirəm ki, yazımızın yüzdə doxsan doqquzu ərəb və fars ibarəsi olmasa,- türk dili xarab olub gedəcək, türk dili ləzzətdən düşəcək və bunlar keçəndən sonra, hər kəs yüzdə doxsan doqquz ərəb və fars kəlməsi işlətməsə,- heç kəs ona alim deməyəcək.

İndi mən burada bir söz demək istəyirəm; amma təvəqqə edirəm məqaləmi oxuyub qurtarmamış heç kəs “bay!” deməsin və təəccüb eləməsin.

Mən deyirəm ki, indi bu saat Osmanlının xristiyan millətləri qəzetlərinin bərəkətindən bilirlər ki, ətrafında nə işlər əmələ gəlir və nə vüquat üz verir; bu millətlərin ümumiyyə əfkarı bir-birinə məlumdur. Amma on beş milyon türk millətinin üç-dörd min aliyyə məktəblərdə oxumuşlarını çıxandan sonra, qalanları dünyadan bixəbərdilər. Ondan ötrü ki, İstanbulda çıxan qəzetlərin dilini başa düşə bilmirlər və bu cəhətdən, məsələn, Anadolu türklərinin mində bir nəfəri bilmir ki, İstanbulda nə var (58, s.404-405).

Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalının 27 noyabr 1917-ci il tarixli nömrəsində çıxmış “Azərbaycan” məqaləsi tarixi bir manifestdir ki, burada dil məsələsi ön plandadır:

“Dünya və Aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsil mənalarını itirmişdi, qayıdıb əslini tapdı, inna lillahi və inna ileyhi raciun; amma buna hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət! ...Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur.

“...Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalətə cumuram, özümdən soruşuram ki:

-Mənim anam kimdir?

Öz-özümə də cavab verirəm ki:

- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.

- Dilim nə dilidir?

-Azərbaycan dilidir.

-Yəni vətənim haradır?

-Azərbaycan vilayətidir” (59, s.4).

“C.Məmmədquluzadənin “Anamın kitabı” tragikomediyası (1920) ədəbiyyatımızda istiqlal düşüncəsinə, azərbaycançılıq əqidəsi və ideologiyasına həsr olunmuş ən ciddi, ən təsirli dram əsəridir. “Anamın kitabı” - Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi anasıdır” (57, s.20).

Dramda dil məsələsi ön plandadır: Zəhrabəyim ana ilə üç oğlu- Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid arasındakı münasibətlər məhz dil fəqliliklərini simvolizə etməklə dövrün həmin məsələ ilə əlaqədar tendensiyalarını nümayiş etdirir.

Rüstəm bəy

. Qospoda, zasedanie obyavlyayu otkrıtım.


Dostları ilə paylaş:

©2018 Учебные документы
Рады что Вы стали частью нашего образовательного сообщества.
?


ikkileksemaningozarosinta.html

ikkinchi-bob-boyicha.html

ikkinchi-bosqich---umumiy.html

ikkinchi-jahon-urushi-4.html

ikkinchi-mashg---va.html